Piramidaların əsrlərdir gizli qalan sirri
4, yoxsa 8 bucaq?
1926-cı ildə Giza Piramidalarının üstündən uçan bir pilot qəribə bir şey gördü. İngilis pilot "Groves", tez piramidaların şəklini çəkdi. Sən demə Xeops piramidası əsrlərdir bildiyimiz kimi dördbucaqlı yox, səkkizbucaqlı imiş. Bu hadisədən illər əvvəl başqa bir ingilis arxeoloq Flinders Petrie piramidanın üzlərinin mərkəzi xətt boyunca çökək olduğunu yazmışdı.
Piramidanın hər üzü tam mərkəzdən düz xətt ilə iki bərabər hissəyə bölünür. Həmin görünməz zərif xətt çox az ölçüdə piramidanın üzünü içəri doğru qatlayır. Beləliklə, Piramida 4 yox, 8 bucaqlı olur.
Bəs dünyanın ən böyük piramidaları niyə məhz bu cür inşa edilib? Bu gizli özəllik ildə ancaq 2 dəfə tam aydın formada görünür. Yaz və payız gecə-gündüz bərabərləşməsində. Həmin günlərdə Günəş Yerə elə bucaq altında düşür ki, piramidanın 8 bucaqlı olması tam aydın görünür.
Bəzi tədqiqatçılar bu xüsusiyyətin nəhəng daş kütləsinin sabitliyinə kömək etdiyini düşünür. Amma bu xətlərin məqsədi hələ də dəqiq məlum deyil.
Bəzi Konspirasiya nəzəriyyəçilərinin fikrinə görə isə, qədim misirlilər piramidıları yuxarıdan gələnlərlə ünsiyyət qurmaq üçün belə inşa ediblər. Amma bir məsələ də var. Xeops ehramı əvvəllər belə görünürmüş. Üzəri ağ əhəngdaşı ilə örtülü olan Xeops piramidası tam hamar imiş. Həmin halda içə doğru olan zərif xətlər ümumiyyətlə görünə bilməzdi. Sözügedən xətlərin əsl məqsədi hələ də bir sirr kimi qalmaqdadır.

Müəllif
Ceyhun Qurbanov


