Dünyanın ən hündür heykəli
67 min tonluq heykəl
Dünyanın ən hündür heykəli Nyu-Yorkda yox, Hindistanda yerləşir!
Bu nəhəng heykəlin öz hündürlüyü 182 metr, altındakı dayaq hissəsi ilə birlikdə hündürlüyü 240 metrdir. Yəni o, təxminən 80 mərtəbəli bir göydələn qədər hündürdür. Adı "Birlik heykəli"dir.
Söhbət Hindistanın siyasi xadimi Vallabhbhai Patelin heykəlindən gedir. Tikilinin ümumi ağırlığı 67 min tondur. 4 ilə inşa edilən bu heykəl təxminən 430 milyon dollara başa gəlib. Çox maraqlıdır ki, bünövrədə istifadə edilən dəmirin 135 tonu yüzminlərlə hindistanlı kəndlinin öz köhnə dəmir alətlərini dövlətə bağışlaması ilə hazırlanıb.
Üzlük üçün 1850 ton ağırlığında 12 mindən çox tunc löhvədən istifadə edilib. Heykəlin sinə hissəsində, təxminən 153 metr hündürlükdə ətrafa baxmaq üçün 200 nəfərlik böyük bir müşahidə zalı var.
Bu nəhəng heykəl 6.5 ballıq zəlzələlərə və saatda 180 kilometrə qədər sürətə malik olan fırtınalara qarşı dözümlüdür.
Bəs bu Vallabhbhai Patel niyə bu qədər önəmli şəxsdir? Çünki o, 1947-ci ildə 560 knyazlıqdan ibarət olan Hindistanı vahid bir ölkə kimi birləşdirən əsas liderlərdən biri olub.
Hər şey aydındır, heykəl də möhtəşəm görünür, amma 430 milyon dollar da çox böyük puldur.
Müəllif
Ceyhun Qurbanov


