Albert Eynişeydi
İdman,Bioqrafiya

Futbol tarixinin ən maraqlı, ən təsirli çempionatlarından biri - AVRO1992

9 oktyabr 2026

Danimarka millisinin balaca qız üçün inanılmaz mübarizəsi...

Danimarka millisinin bir futbolçunun qızı üçün AVRO1992-dəki inanılmaz mübarizəsi.


Avropa çempionatlarının bəlkə də ən təsirlisi, ən maraqlısı 1992-ci ildə baş verib. Həmin il Yuqoslaviyanın parçalanması səbəbi ilə ölkə turnirdə iştirak edə bilmir. Onların əvəzinə son anda Danimarka turnirə dəvət edilir.

Həmin dövrdə Danimarka millisinin bütün futbolçuları istirahətdə idi. Komanda məşq etməmişdi və çempionata qətiyyən hazır deyildi. Hətta bəzi önəmli futbolçular bu səbəbdən milliyə dəvəti qəbul etməmişdilər. Futbolçuların çempionluqla bağlı hər hansı bir ümidi yox idi. Tək istədikləri sadəcə ölkələrinin biyabır olmaması idi.

Danimarka millisinə dəvət edilən futbolçular arasında həmin il ölkənin ən yaxşı futbolçularından olan Kim Vilfort da var idi. O da turnirdə iştirak edə bilmirdi. Bunun səbəbi onun yeddi yaşlı qızı Linin xərçəng xəstəliyi idi. Vilfort xəstəxanada, qızının yanında qalırdı. Onu komandaya çağırmaq üçün razı salmaq isə mümkünsüz görünürdü.


Yoldaşının, qızının və komanda yoldaşlarının təkidi ilə Vilfort çempionatda iştirak etməyə razılıq verir, amma tək bir şərtlə: istədiyi vaxt əşyalarını toplayıb qızının yanına gedə biləcəkdi. Bütün bu hadisələr mediadan gizli saxlanılırdı.

Danimarka millisi qrup mərhələsində İsveçə məğlub olmuş və İngiltərə ilə bərabərə oynamışdı. Komandanın son şansı Fransa üzərində qələbə qazanmaq idi. Oyundan əvvəl Vilfort, qızının səhətinin pisləşdiyi öyrənir və əşyalarını toplayıb gedir. Jurnalistlər onun gedişi ilə bağlı xəbər hazırlayırlar və xalq Vilfortu linç etməyə başlayır.

Bu hadisə Danimarka millisinin futbolçularını bir məqsəd uğurunda birləşdirir və onlar Vilfort və qızı üçün qələbə qazanmaq istəyirlər. Çətin rəqib Fransa bir - iki hesabı ilə məğlub edilir və Danimarka qrupdan çıxa bilir.

Xəstəxanada matçları izləyən yeddi yaşlı Lin atası Kimdən çempionata qayıtmasını və onun üçün çempion olmasını istəyir. Kim Vilfort yenidən turnirə qayıdır. Danimarka millisi çox güclü rəqib hesab edilən Berqkamplı, Van Bastenli, Kuman, Qullit və Raykardlı Hollandiya ilə iki - iki qalır və oyun penaltilərə gedir. Van Basten penalı qola çevirə bilmir. Kim Vilfort isə penalı qola çevirir və Danimarka finala yüksəlir.


Vilfortun qızının vəziyyəti yenidən pisləşir… Amma Lin atasından çempionluq gözləyir. Finalda Almaniya ilə qarşılaşan Danimarkada Kim Vilfort matçın bitməsinə on iki dəqiq qalmış qol vuraraq qələbəni rəsmiləşdirir. İki - sıfır hesabı ilə Danimarka AVRO1992-nin qalibi olur.


Çempionluqdan altı həftə sonra futbolçunun qızı Lin vəfat edir… Kim Vilfort və onun komanda yoldaşları Lin üçün ölkələrini çempion edirlər. Onun son anlarında sevinib gülümsəməsinə, xoşbəxt anlar keçirməsinə səbəb olurlar. Əlindən gələn hər şeyi edən futbolçu ata qızının yaddaşında əsl qəhrəmana çevrilir.

"Biz ən yaxşı futbolçulara sahib deyildik, amma ən yaxşı komandaya sahib idik."

1992, Kim Vilfort

 

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər