Albert Eynişeydi
Tibb,Elm

Dünyanı dişlərimizlə də görə bilərik

12 may 2026

Qeyri-adi tibbi əməliyyat: Gözə tikilən dişlə görmənin bərpa edilməsi

Dünyanı dişlərimizlə də görə bilərik. Bunun üçün inanılmaz bir tibbi üsul var - OOKP (Osteo-odonto-keratoprosthesis).

Xəstənin dişini çəkib, içinə lens qoyub gözünə yerləşdirirlər. Fantastik səslənir, amma həqiqətdir...

Bu metod gözünün ön hissəsi - yəni buynuz qişasını ciddi formada zədələnmiş, amma gözünün arxa hissəsi sağlam qalmış, görmə qabiliyyətini itirmiş insanlar üçündür.

Prosedurlar bu ardıcıllıqla edilir:

I MƏRHƏLƏ

Xəstənin öz köpək dişi ətrafındakı sümük və ligament toxuması ilə birlikdə çıxarılır. Dişin tac hissəsi kəsilir, mərkəzində dəlik açılır. Həmin dəliyə plastik optik silindr yerləşdirilir.

II MƏRHƏLƏ

Hazırlanan həmin diş-linza kompleksi xəstənin yanağına və ya qarnına tikilir. 3-4 ay ərzində həmin kompleks tikildiyi yerdə saxlanılır ki, ətrafında qan damarları yaransın və o, canlı qalsın.

III MƏRHƏLƏ

Gözün zədəli hissəsi təmizlənir. Ağızdan kəsib götürülən 2-3 santimetrlik selikli qişa gözün ön hissəsinə tikilir.

IV MƏRHƏLƏ

Yanaq və ya qarına tikilmiş canlı diş-linza öz yerindən çıxarılır və gözün mərkəzinə yerləşdirilir. Optik linza işığı gözün içindən keçirərək torlu qişaya ötürür və xəstə görməyə başlayır. Yekunda xəstələrin gözü bu cür görünür.

Bu inanılmaz metodun yeni olduğunu düşünə bilərsiniz. Amma bu üsulu 1960-cı illərin əvvəlində italyan həkim Benedetto Strampelli kəşf edib. Onun kəşfi yanıq və digər ciddi zədələr zamanı görmə qabiliyyətini itirən insanlarda işə yarayır.

OOKP əməliyyatında xəstənin öz dişindən istifadə edilməsinin məqsədi, orqanizmin süni linzanı yad cisim kimi rədd etməməsi üçün dişin canlı və dözümlü bir bioloji dayaq rolunu oynamasını təmin etməkdir.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər