Bir neçə dəqiqədə minlərlə canlını öldürən uğultu
Bu göl keçmişdən gələn qorxulu hekayələri ilə tanınırdı...
21 avqust 1986-cı il. Saat 21:30. Nyos gölünün ətrafında yaşayan minlərlə insan və heyvan dərin yuxuya getdi və bir daha oyanmadı. Kamerun hökuməti 1 gün sonra bu hadisədən xəbər tutdu və məsələni araşdırmağa başladı. Bir gecədə gölün 25 km ətrafında minlərlə canlını səssiz formada öldürən şey nə idi?
Nyos gölünün ətrafındakı kəndlərdə yaşayan 1700-dən çox insan və 3500-dən çox heyvan həyatını itirmişdi. Sağ qalan cəmi bir neçə insan var idi. Onlar 21 avqust axşamı göl tərəfdən gələn uğultulu və qorxunc bir səs eşitmişdilər. Ortada nə bir epidemiya, nə də bir düşmən var idi. Canlılar sirli formada ölmüşdülər.
Nyos gölü xalq arasında "pis göl" kimi tanınırdı. Çünki göl haqqında keçmişdən gələn qorxulu hekayələr var idi. Onlar pis ruhların göldən çıxaraq ətrafdakı insanları öldürdüyünü rəvayət edirdilər...
Həqiqət isə belə idi. Cəsədlərin üzərində çəhrayı ləkələr var idi. Bu ləkələr qaz ilə boğulma demək idi. Nyos Gölü, Kamerun vulkanik xətti üzərində yerləşən sönmüş bir vulkanın kraterindədir. Gölün dibində, yerin dərinliklərindən gələn maqmatik aktivlik nəticəsində davamlı olaraq karbondioksid qazı sızır. Həmin qazlar gölün dibinə çökür və orada toplanır. 21 avqust axşamı gölün altındakı bir təkan və ya başqa bir səbəb qazların səthə çıxmasına səbəb oldu. Gölün rəngi mavidən qırmızı-qəhvəyiyə dəyişdi. Karbondioksid havadan ağır olduğu üçün gölün üzərində qalmadı, yerə çökərək vadi boyunca yayıldı. Bir neçə dəqiqədə ətrafda yaşayan bütün canlılar boğularaq öldü. Nisbətən yüksək ərazidə olan bir neçə kənd sakini təsadüfən sağ qalmağı bacarmışdı.
Nyos gölü faciəsi insanın təbiət qarşısında aciz olduğu növbəti bir gün kimi tarixə yazıldı.
Müəllif
Ceyhun Qurbanov


