500 illik “Göydələnlər şəhəri”
Mismar, dəmir və beton olmadan inşa edilən binalar
“Göydələnlər şəhəri” deyəndə ağlımıza Nyu-York və ya Honkonq gələ bilər. Amma onlardan 500 il əvvəl göydələnlər şəhəri ilk dəfə səhranın ortasında qurulub. Özü də mismar, dəmir və beton olmadan. İnsanlar sadəcə saman, gil və ağac ilə hündürlüyü 11 mərtəbəyə qədər yüksələn binalar inşa ediblər.
Bura Yəmənin mərkəzində yerləşən Şibam şəhəridir. Şəhərin ən az 1700 il yaşı var. Bu gördüyünüz binalar isə 5 əsrdir mövcuddur. Palçıqdan hazırlanan 500-dən çox hündür binanın içində hələ də minlərlə insan yaşayır. Bəs əsrlər əvvəl insanlar niyə belə hündür binalar tikiblər? Cavab sel, qum fırtınaları və düşmən hücumlarıdır.
Diqqət etdinizsə, binaların üstü ağ rəngdədir. Bu rəngin səbəbi ağ əhəngdir. O, binanı həm yağıntılardan qoruyur, həm də günəş şüalarını əks etdirərək evləri sərin saxlayır. Yağışlar binaları əritməsin deyə insanlar bir neçə ildən bir evlərinin üst qatını yeniləyir.
Şəhərə yaxından baxanda qapı və pəncərələrin üzərində əsrarəngiz qədimi naxış və oymalar görürük. Şibam şəhəri, ruhunda daşıdığı tarix və sənət ilə 500 ildir zamana meydan oxumağa davam edir.

Müəllif
Ceyhun Qurbanov


