200 il əvvəl çəkilmiş rəsmdəki maraqlı gizli detallar
Şeytan adamın ruhunu almaq üçün onunla şahmat oynayır...
Bu rəsm əsərində Şeytan adamın ruhunu almaq üçün onunla şahmat oynayır. Rəssam əsərdə o qədər maraqlı detallar gizlədib ki, gəlin bu detallara birlikdə baxaq.

Rəsmdə özündən əmin olan şeytanı və ümidsiz gənc oğlanı görürük. Şahmat taxtasına yaxından baxaq. Fiqurların düzülüşünə əsasən gənc oğlan uduzmaq üzrədir. Masanın altından çıxan hörümçək gənc oğlana tərəf gedir. Bu, şeytanın oğlanı öz toruna saldığını göstərir. Arxadakı mələk ümidsizcə oğlana baxır, sanki ona yazığı gəlir. Nəsə bilir, amma deyə bilməz. Çünki gənc öz qərarını azad iradəsi ilə verməlidir.
Məkandakı fiqurlar buranın Şeytanın məkanı olduğunu göstərir. Oyun masasının altındakı ölüm simvolları isə lənətin oyunun təməllərində olduğunu bildirir.
Şeytanın baxışlarına yaxından baxaq. O, diqqətlə rəqibini izləyir. Onu udmaq üzrədir, amma sanki baxışlarında bir tərəddüd də hiss olunur. Bəlkə də gəncin hələ bir şansı da var.
Bu əsər alman rəssam Moritz Retzsch tərəfindən çəkilib. Rəvayətə görə, dünya şöhrətli şahmatçı Paul Morphy bu əsəri görəndə ona diqqətlə baxır. Şahmat taxtasını gətirib fiqurları əsərdəki kimi düzür. Morphy tapır ki, gəncin heç-heçə etmək üçün möcüzəvi bir xilas yolu var imiş.
Bəlkə də rəssam bu gizli simvollar ilə bizə demək istəyir ki, “həyatın səni mat etdiyini düşünmə, qalib gəlmək üçün hələ də şansın var. Oyun davam edir.”
Müəllif
Ceyhun Qurbanov


