Yaponlar niyə bu qədər təmizkar və səliqəlidilər?
Hər Dünya Çempionatında gündəm olurlar...
Hər Dünya Çempionatında eyni mənzərə. Yaponlar paltardəyişmə otağını təmizləyib gedirlər. Yapon azarkeşlər isə stadiondakı zibilləri yığırlar. Yəqin bilirsiniz, Yaponiyada küçələrdə zibil qabı olmur, amma küçələri yenə də bu qədər təmizdir.
Bütün bunlar bizə təəccüblü gələ bilər. Yaponlar necə bu qədər təmiz, səliqəli və mədəni olublar? Bunun əsl səbəbi nədir?
Məsələnin kökü çox-çox keçmişə - yaponların yerli dini olan Şintoizmə qədər gedib çıxır. Şintoizmə görə çirkli olmaq təkcə fiziki yox, həm də mənəvi yükdür. Buna görə də çox sayda təmizlik ritualları var. Məsələn, məbədə girməzdən əvvəl onlar əllərini, ayaqlarını və ağzını mütləq yumalı idilər.
Amma iş bununla bitmir. Din yaponların təmizliyinin tək səbəbi deyil. Bu sadəcə məsələnin köküdür. Bir digər səbəb isə belədir. Bildiyiniz kimi Yaponiya adalardan ibarətdir. Burada havadakı rütubətin miqdarı yüksəkdir. Bu da bakteriyaların yaşaması üçün münbit şərait deməkdir. Yaponlar elə yerdə yaşayırlar ki, sağlam qalmaq üçün təmiz olmağa məcburdurdular.
Keçək üçüncü səbəbə. Yapon məktəbləri. Bu məktəblərdə təmizlik işçiləri çalışmır. Ən balaca şagirddən ən böyük şagirdə kimi məktəbdə bütün təmizlik işlərini uşaqlar görməlidir. Bu qayda uşaqların təmizkar və məsuliyyətli böyüməsini təmin edir.
Əsrlərdir davam edən bütün bu amillər onların canına hopub, qanına işləyib. Təmizlik artıq yaponlar üçün vərdiş yox, həyat tərzdir...
Müəllif
Ceyhun Qurbanov


