Albert Eynişeydi
Təbiət,Dünya,Bioqrafiya

20 ilə 2 milyon ağac əkib çölü meşəyə çevirən adamlar

9 oktyabr 2026

Bunu həyat yoldaşı ilə birlikdə bacardı...

Braziliyalı fotoqraf Sebastiao Salgado 1994-cü ildə Ruanda soyqırımında gördüyü hadisələrdən sonra sarsılır və ağır depressiya yaşayır. O, həyat yoldaşı ilə birlikdə doğulduğu torpaqlara - Minas Gerais əyalətindəki bölgəyə qayıtmağa qərar verir.

30 il sonra vətəninə qayıdan Salgado növbəti dəfə sarsılır. O, keçmişdə cənnət kimi gözəl olan vətəninin artıq ağacsız, kölgəsiz bir çöllük olduğunu görür. Fotoqrafın həyat yoldaşı Lélia Deluiz, ona ərazini yenidən yaşıllaşdırmağı təklif edir.

Beləliklə, onlar 1999-cu ilin sonunda ilk ağaclarını əkməyə başlayırlar. İllərlə dayanmadan işləyirlər və yaratdıqları təşkilat sayəsində vəsait toplayaraq könüllülərin də dəstəyi ilə işi sürətləndirirlər.

Ümumilikdə onlar 20 il ərzində təxminən 600 hektarlıq ərazidə 2 milyondan çox ağac əkirlər. Quru çölə çevrilmiş bölgəni yenidən cənnətə çevirirlər. Bu ciddi dəyişiklikdən sonra içərisində nəsli tükənməkdə olan canlıların da olduğu 172 quş növü və 63 heyvan növü yenidən meşəyə qayıdır.

Müharibələr, inqilablar, çevrilişlər, böhran, aclıq və faciələrə şahid olmuş fotoqraf Sebastiao Salgado və onun həyat yoldaşının etdikləri dünyamız üçün bir ümiddir.

C

Müəllif

Ceyhun Qurbanov

Bu xəbərlər də sənə maraqlı ola bilər